BHK bloq yazıları / Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin valyuta qanunvericiliyi ilə bağlı şərhi
Fuad Qəşəmov
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin valyuta qanunvericiliyi ilə bağlı şərhi

[email protected] 

 

Valyuta qanunvericiliyi / inzibati hüquq / 9 oktyabr 2024-cü il 

 

30 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərardad qəbul etmişdir.

Qərardadın qəbul edilməsi prosesində və işə baxılması zamanı Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin (BHK) 2 üzvü iştirak etmişdir. Qərardadın çıxarılması zamanı o cümlədən BHK-nın üzvü Pərvanə Qasımovanın təqdim etdiyi mütəxəssis rəyi nəzərə alınmış, BHK-nın digər üzvü Fuad Qəşəmov isə Şəki Rayon Məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili qismində iştirak etmişdir.

İşin mahiyyəti aşağıdakı kimidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı 46300,50 avro məbləğində vəsaiti 25 aprel 2022-ci il tarixində xaricə köçürdüyü və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyi, valyuta vəsaitini geri qaytarmadığını əsas göstərərək “Şəki Şərab” MMMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlarla malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri fərqli anlayışlardır və bir-birindən fərqləndirilməlidir. Eyni zamanda, işə baxan məhkəmə tərəfindən hüquq münasibətlərinin xarakteri dəqiq müəyyən edilməlidir. Vəkil hesab etmişdir ki, “Şəki Şərab” MMC Rusiya şirkətinin ticarət agenti olaraq onun adından və onun vəsaiti hesabına fəaliyyət göstərdiyi üçün şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi tətbiq edilə bilməz və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

Şəki Rayon Məhkəməsinin hakimi cənab Ceyhun Əhmədovun təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2024-cü il tarixli Qərardadında müəyyən edilmişdir ki, vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür.

Qərardadda həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2024-cü il tarixli Qərardadı aşağıdakılar qərara alınmışdır:

a)          Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərardadında və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarlarında göstərilən hüquqi mövqelər nəzərə alınsın.

b)          “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır.

 

Digər məqalələr

vekil_photo1557477049.jpg

Fuad Qəşəmov

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin valyuta qanunvericiliyi ilə bağlı şərhi ... Ətraflı
whatsapp_image_2024-08-02_at_18.35.19.jpeg

Süleyman Salahov

Nizamnamə kapitalının ödənilməməsinə görə tətbiq edilən cərimələr barədə ... Ətraflı
gulnar_photo_2.jpg

Gülnar Qurbanova

“Fors-major”un hüquqi təbiəti ... Ətraflı