Korporativ hüquq/ 26.07.2024
Hazırki yazıda hüquqi şəxslərin nizamanmə kapitalının ödənilməməsinə görə tətbiq edilən inzibati cərimələrin məqsədəmüvafiqliyi müzakirə edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə (İXM) 31 may 2024-cü il tarixində yeni məzmunda 405-1–ci maddə əlavə edilmişdir:
405-1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
405-1.2. Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Hesab edirəm ki, yeni maddələrin məqsədəmüvafiqliyi və hüquqa uyğun olması məsələsi nəzərdən keçirilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Həmçinin 59-cu maddədə dövlətin sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirməsi qeyd olunmuşdur.
Məhdud məsuliyyətli cəmiyyətin (MMC) nizamnamə kapitalının qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilməməsinin dövlətin maraqları ilə hansı məqamda toqquşması müzakirə oluna bilər. Belə ki, MMC-nin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Normadan da aydın olduğu üzrə nizamnamə kapitalının formalaşdırılması hər hansı dövlət mənafeyinə yönəlməmişdir. Belə olduğu halda nizamnamə kapitalının nəzərdə tutulmuş müddətdə ödənilməməsinin inzibati xəta qismində çıxış edərək cərimə tətbiq edilməsini məqbul hesab etmirik. Çünki qeyd edilən məsələnin tənzimlənməsinin inzibati münasibət qismində çıxış etməsi uyğun gəlmir. MMC öz faəliyyətini dövlətə münasibətdə deyil, bazar iştirakçılarına münasibətdə həyata keçirir və risklər, öhdəliklər də məhz onların qarşılıqlı münasibəti çərçivəsində meydana gəlir. Dövlətin nizamnamə kapitalının vaxtında formalaşdırılması məsələsinə müdaxilə etməsi onun hər hansı maraq və ya mənafeyini təmin etməyə yönələ bilməz. Çünki burada nizamnamə kapitalı dövlət qarşısında yox, mülki dövriyyə iştirakçıları qarşısında öhdəliklərinin yerinə yetirilməsini təmin edən vasitədir.
Əlbəttə, nizamnamə kapitalının ödənilməsinin imperativliyinin qanunla müəyyən edildiyi, ödənilmədiyi təqdirdə iqtisadi münasibətlərə ziyan dəydiyi qeyd oluna və dövlətin məhz bazar münasibətlərini müdafiə etdiyi əsas gətirilə bilər. Lakin nəzərə alınmalıdır ki, dövlət bazar münasibətlərinin müdafiəsini cəza tətbiq etmədən də həyata keçirə bilər. Məs., müvafiq səlahiyyətli dövlət qurumunun hər hansı təşkilat barədə reyestr məlumatlarında nizamnamə kapitalının ödənilməməsi barədə qeyd kifayət edə bilərdir.
Digər bir sual, cərimənin həcmi ilə bağlıdır. Bəzi növ fəaliyyətlə məşğul olan hüquqi şəxslər (banklar, siğorta təşkilatları və s.) istisna olmaqla, minimum nizamnamə kapitalının müəyyənləşdirilmədiyi, cəmiyyətin təsisçiləri arasında təsis müqaviləsinin bağlanmasının imperativ tələb kimi müəyyən edilmədiyi və yaradılan cəmiyyətlərin çoxunun formal olaraq aşağı məbləğdə kapital qoyduqlardı şəraitdə qeyd edilən cərimələrin məbləği həddindən artıq şişirdilmişdir və iqtisadi əsaslandırması şübhə doğurur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarına əsasən, səalhiyyətli orqan bu zaman həm hüquqi şəxsi, həm də vəzifəli şəxsi cərimə edə bilər.
Çox kiçik məbləğlərlə MMC-lərin yaradıla bilinməsi mülki dövriyyədə iştirakçılar üçün daha böyük risklərə səbəb ola biləcəyi, öhdəliklərin yerinə yetirilməsinin mümkünlüyünü şübhə altına sala biləcəyi halda, nizamnamə kapitalının vaxtında formalaşdırılması və buna dair məlumatın verilməsinin inzibati xəta kimi müəyyən edilməsi, hesab edirik ki, daha az əhəmiyyətli və həlledici tədbirdir.
Müqayisə üçün baxılan xarici ölkə qanunvericiliklərində (Almaniya Federativ Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsi, Yunanıstan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsi, Monteneqro Respublikasının İnzibati Xətalar Məcəlləsi, Serbiya Respublikasının Cinayət Məcəlləsi, Bolqarıstan Respublukasının Cinayət Məcəlləsi) isə göstərilən ictimai münasibətə haqlı olaraq dövlətin müdaxiləsi yoxdur.
Sözügedən qanunvericiliklərdə Hüquqi şəxlərə aşağıda göstərilər əməllərə görə sanksiya müəyyən edilmişdir:
Məcburi sosial ödənişlərin, sığorta ödənişlərinin, dövlər rüsumunun ödənilməməsi ilə bağlı ( məsul şəxsin 3 ilədək azadlıqdan məhrum edilməsi və ya cərimə);
Hüquqi şəxsin çirkli pulların yuyulması ilə bağlı məşğuliyyəti;
Tender zamanı saxtakarlıq;
Vəzifəli şəxsin dövlət satınalmaları ilə bağlı yalan və ya əsassız təklifi;
Vəzifəli şəxsin qeyri-mütənasib öhdəlik götürməsi;
Vəzifəli şəxsin qiymətləndirilməmiş müqavilə bağlaması və.s.
Digər bir məsələ cərimənin tətbiq olunduğu subyekt dairəsilə bağlıdır. Belə ki, vəzifəli şəxslər İXM-in 17-ci maddəsinə əsasən, öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Aydın məsələdir ki, nizamnamə kapitalının qoyulması təsisçinin vəzifəsidir (Mülki Məcəllənin 90.2-ci maddəsi) Lakin təcrübədə əksərən hüquqi şəxslər cərimələnərkən vəzifəli şəxs qismində direktorların (qanuni təmsilçilərin) cərimələndiyini nəzərə alsaq, yeni qəbul edilmiş normaya əsasən də hüquqazidd olaraq, onların cərimə edilə biləcəyini güman edirik.
Bütün qeyd edilənlər nəzərə alınaraq, dövlətin bu məsələyə geniş müdaxiləsini məqsədəuyğun və effektiv hesab etmirik.