Müqavilə hüququ / 14 fevral 2023-cü il
Qanunvericilik nə deyir?
Fors-major Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində bir anlayış olaraq təsbit olunmamışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” fəslinin 448.4-cü maddəsinə müvafiq olaraq, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
Mülki Məcəllənin “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlanan bölməsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
Bəzi hallarda qanunvericiliyin tətbiqi zamanı “fors-major”-un 448.4-cü maddə ilə yanaşı, 422-ci maddənin də təsiri altına düşdüyünə dair yalnış nəticəyə gəlinir.
Bu iki maddə fərqli halları nəzərdə tutur:
✔ 448.4-cü maddədə göstərilən halda tərəf onun cavabdeh olmadığı haldan irəli gələrək öhdəliyini müvəqqəti olaraq və ya ümumiyyətlə icra edə bilmir və buna görə məsuliyyətdən müvafiq qaydada azad edilir;
✔ 422.1-ci maddədə göstərilən halda isə tərəflər öhdəliklərini icra edə bilir, lakin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitdə müqavilədə təsbit edilmiş şərtlərlə öhdəliyi icra etmək onun mənafelərinə uyğun olmadığından müqavilə dəyişdirilə və ya ləğv edilə bilər.
Beynəlxalq sənədlər
Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyasının “İstisnalar” adlanan 79 (1) maddəsinə əsasən “Tərəf öhdəliklərindən istənilən birinin həyata keçirilməməsinə görə o, buna nəzarətindən kənar maneənin səbəb olduğunu və bu maneənin müqavilənin bağlanılması zamanı hesaba alınmasını və ya bu maneə və ya onun nəticələrindən yan keçməyi və ya onları dəf etməyi ondan gözləməyin ağlabatan olmadığını sübut etdikdə, məsuliyyət daşımır”.
Beynəlxalq Kommersiya üzrə Müqavilələrinin Unidroit Prinsiplərinin 7.1.7-ci maddəsində qarşısı alına bilməyən qüvvə (fors major) başlığı altında qeyd olunur ki, tərəfin müqavilə üzrə öhdəliyini
icra etməməsi o halda üzrlü hesab olunur ki, tərəf müqavilə üzrə öhdəliyini icra etməməsini onun iradəsindən asılı olmayan və müqavilə bağlanarkən həmin maneənin mümkunlüyünü ağlabatan şəkildə bilinməsi mümkün olmayan və/ və ya onun nəticələrinin aradan qaldırılması mümkün olmayan səbəbdən baş verməsini sübut etmiş olsun”.
Müqavilədə necə əks etdirilir?
Təcrübədə müqavilələrdə “fors major” adlanan şərtə rast gəlirik. Bu şərt bəzən dar şəkildə, məsələn, “tərəflər fors-major hallarında öhdəliklərin icra edilməməsi üçün məsuliyyətdən azad edilirlər”, və ya fors-major hallarının siyahısı göstərilən müfəssəl bir müddəa şəklində rast gəlinir. Bir qayda olaraq, həmin hallara tərəflərin iradəsindən asılı olmayan (nəzarətindən kənar) hallar aid edilir ki, bunlara zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər, epidemiya, pandemiya, müharibələr, dövlət orqanlarının qərararı və s. aid edilir.
Bəzi hallarda isə fors-major müddəalarında belə bir ifadəyə də rast gəlmək olur: “fors-major dedikdə, müqavilə imzalandığı tarixdə qabaqcadan görülə və qarşısı alına bilməyən şərait başa düşülür”.
Müqaviləyə daxil edilən şərt kimi “fors-major” mahiyyət etibarı ilə tərəfi, onun iradəsindən asılı olmayan və müqavilə bağlanarkən həmin maneənin mümkunlüyünü ağlabatan şəkildə bilinməsi mümkün olmayan və/ və ya onun nəticələrinin aradan qaldırılması mümkün olmayan səbəbdən müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün məsuliyyətdən azad edə biləcək halları müəyyən edən tərəflərin yazılı razılaşmasıdır.
Nəticə
Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, fors–major özü özlüyündə qanunda tərifi verilməyən, lakin təcrübədə rast gəlinən bir termin/ müqaviləyə daxil olunan şərtdir. Həmin şərtin məqsədi tərəfləri öhdəliklərin icra edilməməsi üçün məsuliyyətdən azad edən halları qabaqcadan razılaşma əsasında müəyyən etməkdir.
Fors-major şərtinin bu və ya digər müqavilə münasibətlərinə tətbiqinin mümkün olması üçün müqavilənin sözügedən şərtində tərəflərin fors-majora aid etdikləri halların geniş siyahısının əks etdirilməsi tövsiyə olunur.