BHK bloq yazıları / Öhdəlik hüququnda vicdanlılıq
Gülnar Qurbanova
Öhdəlik hüququnda vicdanlılıq
 
Müqavilə hüququ / fevral 2023-cü il
 
Vicdanın nə olduğuna dair mülki qanunvericiliyin baxışı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif müddəalarında vicdanlılıq ifadəsinə rast gəlinir. Məlumdur ki, Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.

Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

Daha sonra Məcəllə 425.1-ci maddədə təsbit edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Müvafiq olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2-ci maddə).

Hüquqdan sui-istifadənin qadağan edilməsi və hüquqdan sui-istifadəyə səbəb olan hallar isə Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmişdir.

Konstitusiya Məhkəməsi vicdan və vicdanlılıq haqqında

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

Başqa bir qərarında (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il  2 aprel tarixli Qərarı) Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

26 aprel 2023-cü il tarixdə “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qəbul etdiyi qərarında Konstitusiya Məhkəməsinin Plenumu vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel  prinsipinə də aydınlıq gətirir. Məhkəmə qeyd edir ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.

Nəticə[1]

Beləliklə, qərb ölkələrinin mülki hüququnda good faith kimi tanınan vicdanlılıq prinsipi Azərbaycan Respublikasının Mülki Məcəlləsində də mülki hüquq münasibətləri subyektlərinin üzərinə qoyulan bir vəzifə kimi təsbit olunmuşdur (maddə 5.3). Bununla da, mülki hüquq münasibətlərində tərəflərin bir-birlərinin maraqlarını nəzərə alaraq aralarında güvəni və etimadı yaradan əxlaqi və mənəvi kateqoriya olan vicdanlılıq anlayışı qanunverici tərəfindən həm də hüquq norması kimi müəyyən edilmişdir. Bununla belə, bu norma özündə davranış qaydasını konkret olaraq müəyyən etməyən və tətbiqində, xüsusilə obyektiv vicdanlılığa[2] münasibətdə, kifayət qədər geniş bir normadır (“open norm”). Odur ki, sözügedən normanın konkretləşdirilməsi, tərəflərin hərəkət (hərəkətsizliyinə) ağlabatanlıq və ədalətlilik meyarları üzrə qiymət verilərək, hər işin hallarından asılı olaraq məhkəmə tərəfindən tətbiqi zamanı baş verir.

 

 


[1] Qeyd: Yazı müəllifin Azərbaycan, rus, ingilis dillərində oxuduğu bır sıra kitab və məqalələrin (Ewan Mckendrick, Charles Fried, R.Bevzenko, Martijn W. Hesselink və digərləri), habelə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin təhlilin qısa yazılı xülasəsidir.

[2] Hüquq elmində obyektiv və subyektiv vicdanlılıq prinsiplərini fərqləndirilir. Obyektiv vicdanlılıq şəxsin bu və ya digər halı üzürlü səbəblərdən bilməməsi kimi müəyyən edilə bilər (Mülki Məcəllə, maddə 182, maddə 366.2). Subyektiv vicdanlılıq isə mülki hüquq münasibətləri subyektlərinin üzərinə vicdanlı hərəkət etmək vəzifəsi qoyan norma kimi başa düşülür.

Digər məqalələr

vekil_photo1557477049.jpg

Fuad Qəşəmov

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin valyuta qanunvericiliyi ilə bağlı şərhi ... Ətraflı
whatsapp_image_2024-08-02_at_18.35.19.jpeg

Süleyman Salahov

Nizamnamə kapitalının ödənilməməsinə görə tətbiq edilən cərimələr barədə ... Ətraflı
gulnar_photo_2.jpg

Gülnar Qurbanova

“Fors-major”un hüquqi təbiəti ... Ətraflı